Mühafizəkarlar Partiyası misirli keçmiş  nazirindən 20 ilin ən böyük ianəsini alıb

12:50 23.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məlum olub ki, Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası Hüsnü Mübarək dövründə Misirdə nazir olmuş Məhəmməd Mansurdan 5 milyon funt sterlinq ianə alıb.

Hafta.az-ın “Guardian”a istinadən yazdığına görə, bu rəqəm Mühafizəkarlar Partiyasının son 20 ildən artıq bir vaxtda aldığı ən yüksək ianə məbləği kimi qeydə alınıb.

Ən son, 2001-ci ildə lord Pol Getti eyni məbləği Mühafizəkarlar Partiyasına bağışlamışdı.

2006-2009-cu illərdə Misirdə nəqliyyat naziri vəzifəsində çalışmış Məhəmməd Mansur dekabrda Mühafizəkarlar Partiyasının xəzinədarı təyin edilib. Mansurun təyinatından sonra Əmək Partiyasının bəyanatında deyilir ki, “Hüsnü Mübarəkin avtokratik rejiminin bir hissəsi olan milyarderə vəsait toplamaq məsuliyyəti verilib”.

“Telegraf” üçün yazan Mansur, Rişi Sunakı dəstəklədiyini, onu iqtisadiyyatdan anlayan çox istedadlı bir baş nazir olaraq gördüyünü söyləyib.

"Mən baş nazirə beş illik səlahiyyət müddətini başa vurmaq şansı vermək istəyirəm və partiyanın seçki yarışı fonduna 5 milyon funt sterlinq bağışladım", - Mansur bildirib.

Mühafizəkarlar Partiyasının gələn il keçiriləcək seçkilərdə uduzacağı gözlənilir, lakin Mansurun ianəsinin mühafizəkarların seçki resurslarını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

2022-ci ildə Əmək Partiyası cəmi 5 milyon funt sterlinq ianə toplayıb, Mühafizəkarlar Partiyası isə 4,75 milyon funt-sterlinqlə qaldı.

Siyasət rubrikasından digər xəbərlər